Rayonda 10 sənaye, 4 nəqliyyat, 3 tikinti-quraşdırma müəssisələri fəaliyyət göstərir.
Kəpəz rayonu – sənaye rayonudur.
Burada əlvan metallurgiya xammalının istehsalatı, onun ilkin emalı müəssisələri və yeyinti sənayesi inkişaf etmişdir.
Ən böyük sənaye müəssisələrindən biri «Gil-Torpaq» İstehsalat Sahəsidir. Bu müəssisə 1962-ci ildə Daşkəsən zəylik alunit mədəni ilə dünyada alunitlə işləyən ilk zavod olmaqla fəaliyyətə başlamışdır. Zavodun istehsal etdiyi alüminium oksidindən Sumqayıtda alüminium metalı və müxtəlif məmulatlar hazırlanır. Əsas məhsullarla yanaşı burada sulfat turşusu, sulfat duzu, kalium kübrələri də istehsal olunur.
Rayonda tikinti materialları sənayesinin əsas müəssisələri iri panelli evtikmə kombinatı, dəmir-beton, məsaməli beton məmulatı, kərpic, mərmər zavodları ilə təmsil olunur.
Rayonda fəaliyyət göstərən Gəncə «Şərab-2» zavodu 1984-cü ildə istifadəyə verilmişdir. Müəssisə 1998-ci ildə mülkiyyət formasını dəyişərək səhmdar cəmiyyətə çevrilmişdir.
Hal-hazırda müəssisədə «Mədrəsə» üzüm sortundan «7 gözəl», «Qız qalası», «Karvansaray», «Mədrəsə» qırmızı şərabları istehsal edilir. Bu şərablar Beynəlxalq müsabiqələrdə qırmızı diplomlara layiq görülmüşlər. Müəssisədə 400-dən çox işçi çalışır, 270 hektardan artıq texniki üzüm sortlarından ibarət məhsul verən üzüm bağları vardır.
Son zamanlar rayonda sahibkarlığın inkişaf etdirlməsinə xüsusi fikir verilir. 1988-ci ildə istifadəyə verilmiş «Fatoğlu», “Ərəboğlu”, “Neon” müəssisələri un və un məhsulları istehsalı ilə məşğul olur.
Ət və ət məhsullarının istehsalı ilə məşğul olan «Elba» şəxsi müəssisəsi sahibkarlığın inkişaf etdirilməsində bariz nümunədir.