Azərbaycan Respublikasının Dövlət Bayrağı milli suverenliyimizin simvolu, qürur mənbəyimizdir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Bayraq meydanında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Kəpəz Rayon İcra hakimiyyəti başçısı Eldəniz Xudiyev, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, o cümlədən sakinlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.